“Portgo” servisindən/platformadan istifadə şərtləri (bundan sonra Şərtlər)

1. Təriflər

Operator – “Portgo” Servisinin mülkiyyətçisi və həmin Servisə tam müəlliflik hüququna malik olan “Port App” MMC-dir (VÖEN: 1309429221, Hüquqi ünvanı: Sharifzade 138, apt. 39. Faktiki ünvanı: Ahmad Rajabli 10 a)

Avtonəqliyyat vasitəsinin evakuasiya xidməti (bundan sonra Evakuasiya xidməti)  - avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının hüdudlarında daşınmasıdır.

“Portgo” Servisi ( bundan sonra Servis)—  Evakuasiya xidməti  haqqında məlumataqreqatoruna keçid təqdim edən, həmin xidmətə sorğu etmək və əlavə etmək imkan yaradan  Port GO mobil tətbiqidir. 

Promo kod- Müştəri üçün Servis tərəfindən təqdim edilən və Evakuasiya xidmətinin sifarişi anında endirim tətbiq edən koddur.

Müştəri (istifadəçi) –Şərtlərə uyğun verifikasiyanı keçmiş və Servisdən istifadə edən fiziki şəxsdir.

Verifikasiya - müəyyən telefon nömrəsinin konkret fiziki şəxsə məxsus olduğunu müəyyən etməyə imkan verən prosedurdur. Bu prosedur nəticəsində  verifikasiya edilmiş telefon nömrəsinə bağlı olan Şəxsi kabinetə keçid təqdim edilir.

Sifariş – Evakuasiya xidmətlərinin alınması üçün Servis vasitəsilə müvafiq Evakuasiyaxidmətlərinin mülki-hüquqi münasibətlərinə daxil olmasına (sövdələşmənin bağlanmasına) Müştəri tərəfindən istiqamətləndirilmiş hərəkətlərin yerinə yetirilməsidir.

Sürücü – Sifarişi qəbul etmiş və Sifarişə uyğun olaraq evakuasiya xidmətini göstərən şəxsdir.

Şərtlərin 1-ci bölməsində müəyyən edilməyən terminlərdən də istifadə oluna bilər. Bu halda, bu cür terminin izahı Şərtlərin mətninə uyğun olaraq həyata keçirilir. Şərtlərin mətnində terminin birmənalı izahı olmadığı halda, terminin aşağıdakı qaydada müəyyən edilmiş izahını rəhbər tutmaq lazımdır: ilk növbədə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş izahı, ikinci növbədə – Servisdə müəyyən edilmiş izahı, daha sonra isə – İnternet şəbəkəsində formalaşmış (ümumi istifadədə olan) izahıdır.

2. Ümumi müddəalar

2.1. Servisdə verifikasiya keçməklə, Müştəri bu Şərtlərlə razılaşır, habelə Servisdə yerləşdirilmiş Şəxsi məlumatlar haqqında siyasətin (Məxfilik siyasətinin) şərtlərini qəbul edir. 

2.2. Operator Servis vasitəsilə Müştərilərə aşağıdakı xidmətləri göstərir:

2.2.1. Servis funksionallığından istifadə etməklə Evakuasiya xidmətinə dair Sifarişin verilməsi xidməti;

2.2.2. Sürücü ilə əlaqələrin yaradılması üzrə xidmət.  

2.3. Müştəri təsdiq edir ki, Servis Еvakusiya xidməti göstərmir və Evakusiya xidmətinə  dair mülki xarakterli münasibətlər Servisdə qeyd olunan məlumatlara əsasən birbaşa Müştəri və Sürücü arasında yaranır və  müstəqil şəkildə Müştəri ilə Sürücü arasında həll olunur. 

2.4. Servis Müştərilə Sürücü arasında bağlanmış müqavilənin yerinə yetirilməsi üçün heç bir şəkildə məsuliyyət daşımır. Evakuasiya xidmətindən irəli gələn mübahisələr Müştəri iləSürücü arasında həll ediləcək. Müştəri qəbul edir və razılaşır ki, “İstehlakçıların Hüquqlarının Müdafiəsi” haqqında Azərbaycan Respublikası qanununa əsasən xidmət göstərən tərəf Sürücüdür.

2.5. Müştəri Servis vasitəsilə Evakuasiya xidmətinin göstərilməsi üçün sürücü ilə müqavilə bağlayır. Servisdə təqdim edilən ödəniş üsüllarından birini seçərək Evakuasiya xidməti üçün ödəniş edir. Ödənişlərə qüvvədə olan qanuna uyğun olaraq tətbiq edilən vergilər daxildir.Ödənişlərə digər müvafiq yığımlar və/və ya əlavə ödənişlər, o cümlədən hava limanı, “Sədərək” ticarət komleksi və digər məkanlara ödənişli giriş üzrə əlavə ödənişlər xidmət haqqına daxil deyil və vəziyyətdən asılı olaraq Müştəri tərəfindən əlavə ödəniş kimi tutula bilər.

2.6. Servisdə Verifikasiya keçməsi zamanı mobil nömrə müvafiq Müştərinin hesabına əlaqələndirilir və məlumat bazasına əlavə edilir. Mobil nömrədə hər hansı dəyişiklik olduğu halda Müştəri bu barədə Operatora məlumat verməlidir.  Müştəri razılaşır ki, mobil nömrədə hər hansı dəyişiklikliyə dair  məlumat vermədiyi halda mobil nömrə digər şəxsəverildiyi/satıldığı təqdirdə həmin şəxs Servisdən istifadə edərkən ilkin Müştərinin məlumatlarını əldə etmə imkanına sahib olacaqdır.

2.7. Müştəri  razılaşır ki, ona məxsus fərdi məlumatlar Servisdə yerləşdirilmiş Məxfilik siyasətinə uyğun olaraq işləniləcək. Bu Şərtlərlə razılaşaraq Müştəri təsdiq edir ki, Məxfilik siyasətin şərtlərini qəbul edir və bu, qüvvədə olan qanunvericilik və tənzimləmələrə əsasən qəbul edilən şəxsi məlumatların istifadəsi üçün yazılı razılıq deməkdir.

2.8. Müştəri təsdiq edir ki, Evakuasiya xidmətindən istifadə etdiyi zaman etik normalara və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edəcəkdir.  

 

3. Promo Kodlar

3.1. Operator hər bir promo aksiya əsasında Müştəriyə promo kodları təqdim edə bilər. Müştəri razılaşır ki, Operator promokodların müddətlərini, istifadə qaydalarını və digər şərtlərini müstəqil olaraq müəyyən edir və istənilən an həmin şərtləri birtərəfli qaydada dəyişə bilər.  

 

4. Sifarişin rəsmiləşdirilməsi və icra edilməsi proseduru

4.1. Müştəri Servisdə avtonəqliyyat vasitəsinin yerini, avtonəqliyyat vasitəsini aparacaq yerini göstərməklə və avtonəqliyyat vasitəsinin vəziyyətini Servisə yükləməklə Evakuasiya xidmətini sifariş edə bilər. Operator təqdim edilmiş məlumata əsasən Evakuasiya xidmətinin qiymətini müəyyən edərək  Servis vasitəsi ilə Müştəriyə təqdim  edir. Müştəri Sifarişi təsdiq etdikdən sonra Sifariş Servisdə qeydiyyatdan keçmiş Sürücülərə ötürülür. Sürücü sifarişi qəbul etdiyi an Müştəri ilə Sürücü arasında Servisdə qeyd olunan məlumatları nəzərə almaqla Evakuasiya xidmətinin göstərilməsinə dair müqavilə bağlanmış hesab edilir.

4.2. Müştəri razılaşır ki, Sürücü Sifarişi qəbul etdikdən sonra avtonəqliyyat vasitəsinin yerinə çatanadək istənilən an Sifarişdən imtina edə bilər. Bu halda Müştərinin Sifarişi Servisdə qeydiyyatdan keçmiş digər Sürücülərə ötürülür.

4.3.  Müştəri razılaşır ki, Sifariş təsdiq edildiyi andan təyinat yeri dəyişildiyi halda əvvəl müəyyən edilmiş xidmət haqqı avtomatlaşdırılmış şəkildə artırıla bilər. 

4.4. Müştəri razılaşır ki,  Müştərinin və ya evakuasiyaya aparılmalı olan avtonəqliyyat vasitəsinin dəqiq yerini müəyyən etmək və digər vasitəçilik xidmətlərini daha keyfiyyətli şəkildə göstərmək məqsədi ilə Servis Müştərinin mobil cihazında GPS və digər funksiyalarına giriş hüququna malikdir.

 

4.5. 24 saat ərzində bir neçə dəfə ardıcıl olaraq Müştəri, Sifarişini ləğv etdiyi halda Operatorun  Müştərinin Servisdə yaradılmış şəxsi kabinetini ləğv etmək və Müştərinin Sifariş yerləşdirilməsi imkanını məhdudlaşdırmaq hüququ var. 

4.6. Sürücü nəqliyyat vasitəsinin təyinat yerinə çatması barədə Müştəriyə məlumat verdikdə və Müştəri 5(beş) dəqiqə ərzində Sürücünün nəqliyyat vasitəsinə yaxınlaşmadıqda Sifariş Müştəri tərəfindən ləğv edilmiş sayılır. 

5. Məsuliyyət

5.1. Operator Müştəri ilə Sürücü arasında kommunikasiya xidmətləri göstərdiyi üçün Evakuasiya xidmətlərinin keyfiyyətinə və ya göstərilməsində qüsurların olmamasına zəmanət vermir və ya heç bir məsuliyyət daşımır. 

5.2. Operator Servisdən istifadənin fasiləsiz və ya səhvsiz olacağına görə təminat və ya zəmanət vermir. Servisdə hər hansı nasazlıq olarsa, Operator ən qısa zamanda düzəltməyə çalışacaq.

5.3. Operator, onun nümayəndələri, direktorları və işçiləri Servisdən istifadə nəticəsində və ya Servis vasitəsilə təqdim edilən Evakuasiya xidmətləri ilə əlaqədar baş verə biləcək hər hansı itki və ya zərərə görə məsuliyyət daşımır.

5.4. Müştəri razılaşır ki, Operator Sürücünün hərəkətlərinə və ya hərəkətsizliyinə görə məsuliyyət daşımır və Sürücünün Müştəriyə vurduğu ziyana görə məsuliyyət daşımır.

5.5. İstənilən halda Operatorun maliyyə məsuliyyəti 100(bir yüz) AZN ilə məhdudlaşdırılacaq.

 

6. Sürücülərin qiymətləndirilməsi

6.1. Müştəri, Sifarişini icra etmiş Sürücülərin işinin qiymətləndirilməsini Servisdə yaradılmış müvafiq funksiyalardan istifadə etməklə aparmaq hüququna malikdir.

6.2. Bu Şərtlərin 6.1-ci maddəsində qeyd olunan hüquqdan əlavə olaraq Sürücü Sifarişini icra etmədiyi, vaxtında və ya lazımı qaydada icra etmədiyi, Müştərinin və ya üçüncü şəxslərin əmlakına zərər vurduğu  və digər  hallarda Müştəri bu barədə info@portgo.az elektron poçt ünvanına yazmaqla və ya +994774262626 telefon nömrəsinə zəng vurmaqla bu barədə məlumat vermək hüququna malikdir.

 

7. Digər şərtlər

7.1. Operator istənilən zaman, bu Şərtlərin mətnində birtərəfli qaydada  dəyişiklik edə bilər. Bu cür dəyişikliklər  Servisdə nəşr olunduğu andan etibarən qüvvəyə minir. Bu cür dəyişikliklər edildiyi halda, Operator Müştəriyə dəyişikliklər barədə  bildirişi onun şəxsi kabinetinə göndərməklə məlumat verir.

7.2. Aşağıda göstərilən hallarda Operator Müştərinin şəxsi kabinetini bloklaşdıra və Servisdən istifadə hüququnu məhdudlaşdıra bilər:

7.2.1. Bu Şərtlər çərçivəsində Müştəri, xidmət (dəstək) göstərən Sürücülərinə və ya üçüncü şəxslərə qarşı qeyri-etik davranışlar və ya aqressiv hərəkətlər etdikdə;

7.2.2. Müştəri tərəfindən Servis ilə təqdim edilən hüquq və imkanlardan sui-istifadə edilməsində şübhələr yarandıqda;

7.2.3. Səbəbini izah etmədən bütün digər hallarda.

whatsapp